Qarabağın azad olması, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Belə bir vaxtda Üzeyir Hacıbəylinin əsərinin Fransada işıq üzü görməsi onun artıq azad Şuşada dolaşan ruhuna böyük hədiyyədir.
Bu fikirləri Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli-Buşe dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası və mahnılarının tərcüməsindən ibarət kitabın nəşri barədə danışarkən deyib.
O diqqətə çatdırıb ki, nəşr Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Bildirib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim etməkdən çox şaddır. Qeyd edib ki, kitab bəstəkarın qardaşı Ceyhun Hacıbəylinin tərcüməsi əsasında hazırlanıb. O, qardaşının əsərinin Fransada tanıtmaq, o cümlədən yaşayan müsəlmanlara təqdim etmək niyyəti ilə bu operettanı fransız dilinə tərcümə edib.
“Bu operettanı fransız dilinə tərcümə etmək çox çətindir. Bu ədəbi tərcümə deyil, adaptasiya edilmiş versiyadır. Operettanı təqdim etmək niyyətində olduğuna görə onu adaptasiya edərək tərcüməsini yazıb. Operettanın librettosu tam şəkildə tərcümə edilməyib. Ancaq əsas hissəsi tərcümə edilib. Həmçinin, bəzi mahnıların sözləri fransız dilinə tərcümə edilib və kitaba salınıb.
Operettanın çap maşınında yazılmış tərcüməsi var idi. Bir gün Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə söhbətimiz zamanı ona bu tərcümə haqqında danışdım. Həmin tərcüməni səfirliyə və ya Üzeyir Hacıbəylinin muzeyinə vermək istədiyimi bildirdim. Söhbət zamanı bu tərcümənin kitab şəklində dərc edilməsi fikri yarandı və onu fransız nəşriyyatı tərəfindən çap etdirilməsi qərarına gəldik”, – deyə P. Hacıbəyli-Buşe bildirib.
Onun sözlərinə görə, kitab Şuşanın azad edildiyi gün Azərbaycan səfirliyinin dəstəyi ilə nəşriyyata təqdim edilib. Paskal Hacıbəyli-Buşe deyib ki, kitab Azərbaycan musiqisinin fransızlara tanıdılmasında böyük rol oynayacaq.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə və adaptasiya edilmiş “Arşın mal alan” kitabı 1876-cı ildən fəaliyyət göstərən “Hermann” nəşriyyatı tərəfindən çap edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba ön söz yazıblar. Ön sözdə Üzeyir Hacıbəyli və “Arşın mal alan” operettası haqqında ətraflı məlumat verilib.