“Beynəlxalq ictimaiyyət Ermənistana mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək”

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Lakin Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir.

Prezident İlham Əliyev bu sözləri dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) Bəyanat imzaladığı andan Azərbaycan tərəfi hərbi əməliyyatları dərhal dayandırdı. Azərbaycan, həmçinin Ermənistan qoşunlarının çıxarılmasına da vaxt verdi: “Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik. Halbuki erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik”.

Azərbaycan Prezidenti Ermənistanın işğal altında saxladığı ərazilərdə, xüsusilə  Ağdam və Füzulidə törətdiyi talan və dağıntılar barədə danışarkən qeyd edib ki, bütün bu hərbi cinayətlər hazırda sənədləşdirilir: “Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi”.

Dövlət başçısı onu da xatırladıb ki, Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar: “Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var”.

Prezident bildirib ki, hazırda bölgədə sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır: “Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”.

Azərbaycan Prezidenti beynəlxalq vasitəçilərlə görüşdə bir vacib məqamı da diqqətə çatdırıb: ”Əminəm ki, siz bu haqda eşitmişiniz, - bizim gələcəklə bağlı fikrimizdir. Yəni, regionun gələcəyi ilə bağlı demək istəyirəm. Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

Lakin, əlbəttə ki, bu, həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!”.