“Türkiyə bir əsr öncə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda olduğu kimi, tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri dekabrın 14-də hökumətin iclasında Azərbaycana ötən həftə (9-10 dekabr) etdiyi səfərdən bəhs edərkən deyib.

Azərbaycan himninin müəllifi Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna ithaf etdiyi şeiri səsləndirən Ərdoğan bildirib ki, keçmişdə olduğu kimi yenə də Azərbaycanda Türkiyəyə qarşı olan sevgi və ehtiramın Bakıya son səfəri zamanı bir daha şahidi olub: “Bakı küçələrində, əllərdə, avtomobillərdə, eyvanlarda, pəncərələrdə dalğalanan Türkiyə və Azərbaycan bayraqlarını gördük, insanların zəfər sevincinə heyətimizlə birgə biz də qoşulduq. Vətən müharibəsində Azərbaycan Ordusundan şəhid olan 2783 hərbçimizi və 100 məsum şəhidimizi (müharibə zamanı  qətlə yetirilən dinc sakinlər – red.) ehtiramla yad etdik. Beləcə, Türkiyə və Azərbaycanın sevincinin də, kədərinin də bərabər olduğunu bütün dünyaya sübut etdik”.

Türkiyə Prezidenti deyib ki, Qafqazda yeni bir dönəmin qapıları açılıb: “Türkiyə-Azərbaycan keçmişdən gələcəyə sarsılmaz bir körpü inşa edib. Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyilə 44 günlük qətiyyətli bir mübarizə ilə zəfər qazanıb. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük zəfər hərbi, diplomatik və siyasi baxımdan çox böyük anlamlar daşıyır. Qarabağ artıq donmuş bir münaqişənin həlli ilə haqqın batilə qalib gəlməsinin bir rəmzini daşıyır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə, həmd olsun, azanlar səslənir, Azərbaycan bayrağı dalğalanır. Dağlıq Qarabağın qurtuluşu ilə Qafqazda yeni bir dönəmin qapıları açılıb. İnşallah bundan sonra Qarabağda münaqişə yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, kin-küdurət yerinə yaxşı bir qonşuluğun əsası qoyulacaq”.

Səfər zamanı yeni müqavilələrin imzalanmasından danışan Ərdoğan deyib ki, bu, iki qardaş ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirəcək: “Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə artıq şəxsiyyət vəsiqəsilə heç bir maneə olmadan səfərimiz mümkün olacaq. Artıq xarici pasportla gediş-gəlişə ehtiyac yoxdur. Qarşılıqlı vizasız səyahət imkanları ilə yanaşı, media, sərmayə yatırımı, müdafiə sənayesi və infrastruktur başda olmaqla hər sahədə əməkdaşlığımızdan daha uğurlu nəticələr qazanacağımıza əminəm”.