Akademik Milli Dram Teatrının Vətən müharibəsində iştirak edən əməkdaşları Tərlan Əsgərli və Rüfət Cabbarov cəbhədən qayıdıblar.

Vətən müharibəsinin qaziləri ilə görüşən teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov ölkəmizin böyük sınaq günlərində onların cəbhəyə yollanmasını yüksək vətəndaşlıq nümunəsi kimi dəyərləndirib və hər ikisinin sağ-salamat geri dönməsi münasibətilə özlərinə və ailə üzvlərinə gözaydınlığı verib.

Tərlan Əsgərli Vətən müharibəsində iştirak etməyi özünün müqəddəs borcu adlandırıb: "Ermənilər təxribat törədəndə hamı kimi mən də Vətənin səsinə səs verməyi özümə borc bildim. General Polad Həşimov şəhid olanda könüllü olaraq hərbi komissarlığa müraciət etdim. Sentyabrın 27-də müharibə başlayan gün cəbhəyə yola düşdük. İlk döyüşüm Füzuli istiqamətində oldu. Bir sıra əraziləri azad etdik. Füzulidə yaralandım. Bir neçə gün hospitalda müalicə aldım. Tez müddətdə sağaldım, yenidən döyüşə qayıtdım. Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlıda döyüşlərdə iştirak etdim. Mən 16  yaşımdan teatrda işləyirəm. Teatrımızda oynanılan vətənpərvərlik haqqında tamaşalarla böyümüşəm. Döyüşdə olanda hər yerdən xəbərlər gəlirdi ki, bütün Azərbaycan sizdən danışır. Bu, əlbəttə, fəxr hissi idi. Azərbaycan xalqı bu Zəfəri 30 ildir gözləyirdi. Bu qələbə yolunda şəhidlərimiz oldu, qazilərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa arzu edirəm. Vətən nə vaxt çağırsa, əldə silah onun səsinə səs verməyə hər zaman hazıram".

Rüfət Cabbarov Cəbrayıl, Füzuli və Hadrud istiqamətində döyüşüb: “Bütün əsgər və zabit yoldaşlarımız böyük ruh yüksəkliyi, qələbə əzmi ilə döyüşürdü. Yalnız irəli getməyi, Vətənimizin hər qarışını düşməndən azad etməyi qarşımıza məqsəd qoymuşduq. Şükür Allaha, bu məqsədimizə də nail olduq. Bu qələbə Azərbaycan xalqının haqqıdır. Bu haqqa sahib olmaq üçün şəhidlər verdik. Onların heç birinin qanı yerdə qalmadı. Düşmən bizim gücümüzü, cəsarətimizi gördü".

Qeyd edək ki, Tərlan Əsgərli və Rüfət Cabbarovdan başqa Vətən müharibəsində Akademik Milli Dram Teatrının daha bir əməkdaşı Ruslan Kərimov da iştirak edib. O, hazırda orduda xidmətini davam etdirir. Onun yolunu təkcə ailə üzvlər yox, teatrın əməkdaşları da gözləyir.