İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək. Bu barədə təşkilatın Rabatdakı (Mərakeş) baş ofisindən bildiriblər.

Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə İCESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. O, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin İCESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.