Azərbaycan

 

21 yanvar 1907 – Tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 – 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.

21 yanvar 1924 – Xalq artisti, bəstəkar Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera (“Gəlin qayası”) yazmış ilk qadın bəstəkardır.

21 yanvar 1950 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 – 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

21 yanvar 2000 – Xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (22.2.1924 – 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik” operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları və digər musiqi əsərlərinin müəllifidir.

21 yanvar 2008 – Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (17.4.1929 – 2008) vəfat edib.

 

22 yanvar 1892 – Görkəmli boyakar və qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892 – 7.2.1922) Naxçıvanda anadan olub. Əsərlərində vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.

22 yanvar 1926 – Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.

 

23 yanvar 1878 – Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 – 5.1.1950) İrəvanda doğulub. İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcılarından biri olub.

23 yanvar 1927 – Xalq artisti, rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 – 17.1.2017) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

23 yanvar 1935 – Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov (1935-2008) anadan olub. “Həyətim mənim, həyatım mənim”, “Məsmə xala dayımdır” pyeslərinin müəllifidir.

23 yanvar 1941 – Əməkdar incəsənət xadim Elşad Heybət oğlu Quliyev (1941 – 27.5.2008) Cəlilabad şəhərində anadan olub. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Sənədli filmlərin ssenari müəllifidir.

23 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə (1946 – 29.4.2018) anadan olub.

 

24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. Azərbaycan Yazıçılar İttifaqının ilk sədri olub. Repressiya qurbanıdır.

24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 – 9.8.1983) Şəkidə anadan olub.

24 yanvar 1921 – Əməkdar incəsənət xadimi, rəssam Eyyub Əliağa oğlu Məmmədov (1921 – 27.8.1994) Bakıda anadan olub.

 

Dünya

 

21 yanvar 1861 – Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies; 1861-1938) anadan olub.

 

22 yanvar 1561 – İngilis filosofu, tarixçi, şair Frensis Bekon (Francis Bacon; 1561-1626) anadan olub.

22 yanvar 1729 – Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.

22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 – 19.4.1824) anadan olub.

22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub.

 

23 yanvar 1783 – Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle – Stendhal; 1783-1842) anadan olub.

23 yanvar 1930 – Sent-Lusiya (Karib dənizində ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Volkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb.

 

24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub.

24 yanvar 1776 – Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub.

Hazırladı:  Vüqar ORXAN