Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Xalq artisti Murad Hüseynov və Frederik Şopen adına Polşa Baltika Filarmoniyasının direktoru, tanınmış orqan ifaçısı Roman Peruçki arasında videoformatda görüş keçirilib.

Murad Hüseynov BMM-in fəaliyyəti haqqında məlumat verib. Roman Peruçki öz növbəsində birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsini təklif edib.

Pandemiyadan sonrakı dövrdə iki müəssisə arasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, digər məsələlər barədə müzakirə aparılıb. Müzakirələr zamanı qarşılıqlı əlaqələr, o cümlədən milli və klassik musiqinin təbliği baxımından iki qurum arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Onlayn görüşün sonunda Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa Baltika Filarmoniyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum Azərbaycan milli musiqisinin xaricdə daha geniş tanıdılması işində də yeni perspektivlər açacaq.

Qeyd edək ki, dünyanın ən nüfuzlu musiqi ocaqlarından olan Polşa Baltika  Filarmoniyası Qdansk şəhərində yerləşir. 1945-ci ildə yaradılan filarmoniyanın nəzdində bir neçə musiqi kollektivi fəaliyyət göstərir. Müəssisənin səsyazma studiyası Avropada ən yaxşı təchiz edilən studiyalardan hesab olunur. Filarmoniya dünyanın məşhur dirijorları və musiqi qrupları ilə əməkdaşlıq edir.