Yanvarın 14-də İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) görüş keçirilib.

“Azərbaycanın İCESCO ilə əlaqələri hər zaman yaxşı olub. İnanırıq ki, bu münasibətlər davamlı olaraq müsbət istiqamətdə inkişaf edəcək”, – deyə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qonaqla görüşdə bildirib.

Qonağa Azərbaycanın işğal altında olmuş ərazilərində dağıdılan, viran qoyulan dini irs abidələri barədə ətraflı məlumat verilib.

Baş direktor bildirib ki, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyada tanınır: “Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edirəm. Haqq öz yerini tutur. Buraya səfərimizlə sizə dəstəyimizi və bizim üçün necə dəyərli olduğunuzu göstərmək istəyirik. Biz dağıdılan abidələrin bərpasında yaxından iştirak etmək istəyirik. Əminik ki, Azərbaycan Qarabağı yenidən bərpa edəcək”.

***

Səfər çərçivəsində İCESCO-nun Elm və texnologiya sektorunun müdiri, professor Rahil Qəmər Bakı Dövlət Universitetində (BDU) olub.

Rektor Elçin Babayevin qonaqla görüşündə Azərbaycan-İCESCO əlaqələrindən danışılıb,  elm və təhsil sahələrində qarşılıqlı faydalı əlaqələrə diqqət çəkilib. Rektor BDU-nun fəaliyyəti, tədris prosesi, elmi fəaliyyət haqqında qonağa məlumat verib.

Professor Rahil Qəmər bu səfərin gələcəkdə həm tələbə, professor-müəllim heyəti, həm də hər iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyini deyib. Bildirib ki, belə bir tarixi zamanda İCESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən əməkdaşlığı daha da genişləndirmək lazımdır.