“Müharibə dövründə Ermənistan mülki əhalini hədəf alıb və bu, çox sayda günahsız insanın ölümü ilə nəticələnib”

“Amnesty İnternational” təşkilatı 27 sentyabrdan 10 noyabradək davam edən müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabat hazırlayıb. “Amnesty İnternational” hesabatında bildirib ki, müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alıb və bu, çox sayda günahsız insanın ölümü ilə nəticələnib.

Hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərində ümumilikdə 72 mülki vətəndaşın ölümünə səbəb olan səkkiz raket zərbəsini əhatə edir. Bu hücumlardan sağ çıxan, yaralanan şəxslər və həlak olan şəxslərin qohumları ilə müsahibələr də hesabatda yer alıb.

Bildirilir ki, oktyabrın 11-də, gecə saat 2 radələrində Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 mülki şəxs həlak olub. Raket şəhərin mərkəzində, Zəfər parkı ilə üzbəüz, Rəfibəyli küçəsindəki yaşayış binasına düşmüşdü. ANAMA-nın məlumatına görə,  həmin zərbədə Ermənistan tərəfi “SCUD-B” ballistik raketindən istifadə edib. Zərərin həcmi bu cür silahla vurulan zərbəyə uyğundur.

Hesabatda deyilir ki, oktyabrın 17-də “SCUD-B” ballistik raketinin Gəncə şəhərinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərovanın 15 yaşlı qızı Nigar doğum günündən bir gün əvvəl həlak olub. 64 yaşlı Ramiz Qəhrəmanov da həmin hücumda 34 yaşlı qızı Xatirəni, 11 yaşlı nəvəsi Orxanı, 6 yaşlı nəvəsi Məryəmi və 18 yaşlı nəvəsi Ləmanı itirib.

Sənəddə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də Azərbaycanın Bərdə rayonunun Qarayusifli kəndinə kasetli bomba zərbəsi nəticəsində 5 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib. Ölənlərdən biri – 7 yaşlı Aysu İsgəndərova zərbə vaxtı bağlarındakı yelləncəkdə oynayırmış.

Həmçinin qeyd olunur ki, erməni hərbi qüvvələri oktyabrın 28-də cəbhədən 20 km-dən uzaq məsafədə yerləşən Bərdə şəhərinə bir neçə iriçaplı raket atıb. Üç raket şəhərin mərkəzinə, onlardan ikisi şəhərdəki iki xəstəxananın yaxınlığına düşüb. Üçüncüsü isə 72 ədəd 9N235 kasetli başlıqdan ibarət Rusiya istehsalı 9M55 “Smerch” raketi olub ki, bu da insanların sıx olduğu mərkəzi prospektə düşüb, nəticədə 21 mülki şəxs həlak olub.

“Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin beş üzvü həlak olub, onların evinə ciddi ziyan dəyib”, - deyə hesabatda qeyd olunur.

Diqqətə çatdırılır ki, Ermənistan tərəfi mülki əhalinin yaşadığı ərazilərdə qeyri-qanuni olaraq qeyri-dəqiq silahlardan, o cümlədən beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlardan və geniş ərazilərə yayılan digər partlayıcı silahlardan istifadə edib.

Hesabat müəllifləri raket zərbələri zamanı sağ çıxan, yaralanan və ya qohumlarını itirən 51 şəxsdən və 8 rəsmi şəxsdən müsahibə aldıqlarını bildiriblər.