Ölkə Prezidenti tərəfindən 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı bölgələrdəki mədəniyyət ocaqlarında da silsilə tədbirlərə hazırlıq görülür. Eyni zamanda mövcud karantin rejiminin şərtləri nəzərə alınmaqla tədbirlər keçirilir.

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Zərdab rayon Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 880 illik yubileyi və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar məlumat günü təşkil edilib.

Ölkə başçısının sərəncamı diqqətə çatdırılıb və Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi tədbirlər planı və görüləcək işlər barədə ətraflı məlumat verilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova Qubadlı, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunmasında igidlik göstərmiş Vətən müharibəsi qaziləri Səxavət Hacıməmmədov və Surət Hacıməmmədovu ziyarət ediblər.

Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri Teymur Hacıyev, Taleh Abdullayev və Elmar Bayramlının məzarlarını ziyarət ediblər. Məzarların üzərinə gül-çiçək dəstələri düzülüb, əziz xatirələri yad olunub.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatalada rayon Heydər Əliyev Mərkəzinin Yuxarı Çardaxlar və Uzunqazmalar kənd tam orta məktəblərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar keçirilib. Tədbirdə çıxış edənlər ulu öndərin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Oğuz rayon Şirvanlı kənd kitabxanasının fəal oxucuları İsmayıl Qurbanov və Fərizə Oruczadənin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlər “Facebook” şəbəkəsində yayımlanıb.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin 7-ci sinif şagirdi Buta Maqsudova (müəllim - Tamilla Abdullayeva) Çex Respublikasının paytaxtı Praqada keçirilmiş “Crystal Star Prague” beynəlxalq onlayn yaradıcılıq festivalında I yerə layiq görülüb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Azərbaycanın ustad aşıqları” adlı onlayn tədbir keçirilib. Çıxışlarda qədim aşıq sənətinin zənginliklərindən söz açılıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Ağalı kənd klubu görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyevin 80 illik yubileyi münasibətilə videoçarx hazırlayıb. Videoçarxda sənətkarın Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr, bu gün də maraqla izlədiyimiz filmlərindən bəhs olunur.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “20 Yanvar faciəsini unutmayaq!” adlı sərgi təşkil edilib. Sərgidə faciəni əks etdirən foto, rəsm və məlumat lövhələri nümayiş olunur.

Yanvarın 21-dək davam edəcək sərgini karantin qaydalarını gözləməklə hər kəs ziyarət edə bilər.   

N.MƏMMƏDLİ