2022-ci ildə Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi silsilə tədbirlərlə qeyd ediləcək. Bununla bağlı “Yaponiya-Azərbaycan Dostluq ili”nin elan olunması və bu çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada yanvarın 13-də AZƏRTAC-da görüşü zamanı deyib.

Agentliyin rəhbəri Aslan Aslanov qeyd edib ki, AZƏRTAC Yaponiyanın aparıcı “Kyodo” və “JiJi Press” xəbər agentlikləri ilə sıx tərəfdaşlıq edir. AZƏRTAC əməkdaşlıq etdiyi aparıcı informasiya agentlikləri ilə birgə yaxın gələcəkdə bir sıra ölkələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış abidələri, ibadətgahları və yaşayış yerlərini əks etdirən fotosərgilər təşkil etməyi planlaşdırır: “Çox istərdik ki, belə bir sərgi ilk dəfə olaraq “Kyodo” və “JiJi Press” ilə əməkdaşlıq çərçivəsində Tokioda təşkil olunsun”.

Bu təşəbbüsü dəstəkləyən səfir Yaponiyada sərginin təşkilinə məmnuniyyətlə kömək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edən Cuniçi Vada bildirib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. 2022-ci ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran səfir deyib: “Bununla bağlı Yaponiya-Azərbaycan Dostluq ili çərçivəsində keçiriləcək tədbirlərə hazırlıq olaraq Yaponiyanın Azərbaycanda daha geniş tanıdılması istiqamətində AZƏRTAC ilə əməkdaşlıqdan məmnun olardıq”.