Koronavirusa qarşı peyvəndlənmə başlamalıdır

Dünya Səhiyyə Təşkilatının (DST) yeni növ koronavirus (COVİD-19) ilə bağlı pandemiya  elan etməsinin (11 mart 2020-ci il) 10 ayı arxada qalsa da, bu dərdə hələlik təsirli əlac tapılmayıb. Ötən müddətdə bu xəstəliyin ilk yayılmağa başladığı Çindən Rusiya və ABŞ-dək bir sıra ölkələrdə müxtəlif vaksinlər hazırlansa da, onların nə dərəcədə effektli olacağı hələ bilinmir. Dekabr ayından etibarən ayrı-ayrı ölkələrdə əhalinin COVİD-19-a qarşı peyvəndlənməsi başlanıb.

Tibbi heyət və xüsusi riskli insanların koronavirusa qarşı peyvəndlənməsi qarşıda 100 gün ərzində dünyanın bütün ölkələrində start götürməlidir.

Bu tələblə DST-nin baş direktoru Tedros Qebreyesus çıxış edib. O, bir sıra ölkələri “peyvənd millətçiliyi“nə görə tənqid edib. Baş direktor bildirib ki, zəngin ölkələrin çoxu indiyədək istehsal olunan peyvənd dozalarının, demək olar ki, hamısını alıb, buna görə orta və yoxsul ölkələrdə vaksinasiya kampaniyaları başlamayıb. Onun sözlərinə görə, bir sıra ölkələrdə “BioNTech“ şirkətinin peyvəndi kimi xüsusilə həssas vaksin preparatlarının saxlanması (mənfi 60-70 dərəcədə) üçün müvafiq soyuducu sistemlərin olmaması da əlavə logistik çətinliklər yaradır.

T.Qebreyesus həmçinin bildirib ki, hazırda DST ekspertləri Çində peyvənd istehsalçıları olan “Sinovac“ və “Sinopharm” şirkətlərinin vaksinlərinin lisenziyalaşdırılmasını dəstəkləyirlər. Eyni zamanda DST “AstraZeneca“ şirkətinin peyvəndinin təhlükəsizlik və effektivliyi ilə bağlı məlumatların təqdim olunmasını gözləyir. Bütün bu işlər tamamlandıqdan və DST-nin standartları ödənildikdən sonra dünya bazarlarında koronavirusa qarşı tətbiq olunacaq peyvəndlərin sayı artacaq.

Bu arada koronavirusun dünyaya ilk “ixracatçı”sı sayılan, eyni zamanda aldığı sərt karantin tədbirləri nəticəsində digər ölkələrlə müqayisədə daha az itki (insan) və zərər görən Çində yeni sərt qərarlar elan edilib. Virusun yayılmasının qarşısını almaq üçün kəndlərdə kütləvi toy və dəfn mərasimlərinin təşkili qadağan olunub. Pekinin yaxınlığında yerləşən Lanfan şəhərində isə sakinlərə 7 gün evdən çıxmamaq əmr olunub. Bundan əvvəl isə Şıciacuan və Sintay şəhərində tam qapanma, bəzi yaşayış məntəqələrində isə fövqəladə vəziyyət elan olunub. Səlahiyyətli qurumlar əhaliyə Ay təqvimi ilə qeyd olunan və bu il fevralın 12-nə təsadüf edən Çin Yeni il bayramı ilə bağlı tətili günlərində səfərləri təxirə salmağı tövsiyə edib.

Avropada isə ilin əvvəlindən koronavirusun tüğyan etdiyi ölkələrdən biri Almaniyadır. Ölkədə koronavirusla bağlı gündəlik ölüm sayı 1000-dən çox olur. Almaniyada dekabrın sonlarında elan edilən sərt karantinin müddəti yanvarın 31-dək uzadılıb. Bir sıra şəhərlərdə sakinlərin 15 kilometrdən çox kənara çıxmasına qadağa qoyulub.

Fransada da yenidən karantin rejiminin tətbiq olunacağı gözlənilir. “İlin ilk üç ayında vəziyyət daha çətin olacaq və dözmək lazım gələcəkdir. Yay fəslində vəziyyət yaxşılaşmağa başlayacaq”, – deyə Fransada pandemiya ilə mübarizə məqsədilə yaradılmış Elmi şuranın sədri J.F.Delfresi bildirib.

İtaliya peyvəndləməyə digər Avropa ölkələrindən daha erkən başlayıb. Bununla belə, peyvəndin əks təsirləri ilə bağlı mübahisələr davam edir və məsələ yüksək məhkəməyədək gedib çıxıb. İtaliya Konstitusiya Məhkəməsinin sədri Ciankarlo Koraccio bildirib ki, peyvənd maddələri insan bədənində yan təsirlərə səbəb olarsa və ya sağlamlığa zərər vurarsa, o zaman dövlət tərəfindən həmin şəxsə təzminat ödənməlidir. Ölkədə həyata keçirilən koronavirus əleyhinə vaksinasiya kampaniyası (hələlik) könüllülük prinsipi əsasında aparılır.

Türkiyədə isə COVİD-19-a qarşı kütləvi peyvəndləməyə yanvarın 13-də başlanılıb. Türkiyə Çin vaksininə üstünlük verib. Çindən alınan “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Proses telekanallar tərəfindən canlı olaraq yayımlanıb. Nazir bildirib ki, Türkiyəyə gətirilən 3 milyon “Sinovac” vaksini laboratoriya yoxlamasından keçirilib və təhlükəsiz olması təsdiqlənib.