Xəbər verdiyimiz kimi, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti 11-15 yanvar tarixində ölkəmizdə səfərdə olub.

Nümayəndə heyəti paytaxtımızın mədəniyyət məkanları ilə tanışlıq çərçivəsində yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib. Mədəniyyət naziri Anar Kərimovun da iştirak etdiyi görüşdə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov  qonaqlara Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib.

İCESCO nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd olunub ki, Azərbaycan muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir qitəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği bağlı böyük layihələr həyata keçirir. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzində də bu istiqamətdə müxtəlif layihələr reallaşır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir.

Qonaqlara BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında da məlumat verilib.

Sonra Beynəlxalq Muğam Mərkəzinin solistlərinin konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlardan parçalar səsləndiriblər.

Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq və musiqi təqdimatı qonaqlarda xoş təəssürat yaradıb.