Prezident İlham Əliyev yanvarın 23-də kinorejissor, Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Eldar Quliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Tofiq oğlu Quliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, yanvarın 18-də görkəmli kinorejissorun 80 yaşı tamam olub.

Dövlət başçısı yubiley münasibətilə Eldar Quliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.