Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, professor Polad Bülbüloğlu yanvarın 23-də Şuşa şəhərinə – ata-baba yurduna birgə səfər ediblər. Şuşadakı bir çox məkanlar kimi, Polad Bülbüloğlunun ata evi, böyük vokalçı Bülbülün ev-muzeyi, eləcə də Fərhad Bədəlbəylinin ata yurdu – görkəmli teatr xadimi Şəmsi Bədəlbəylinin yaşadığı ev 28 ildən artıq sürən erməni işğalı zamanı dağıdılaraq talan edilib.

Səfər təəssüratlarını jurnalistlərlə bölüşən Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirib: "Birinci növbədə Polad Bülbüloğlunun ata evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir elə! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün ev-muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu.

Sonra Şuşaya qaytarılmış “güllələnmiş heykəllər”ə baş çəkdik, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq" (“Trend”).

Polad Bülbüloğlu da hədsiz duyğulu olduğunu deyib: "Mənim üçün çox xoşbəxt bir gündür. 30 ildir gözlədiyimiz an gəlib çatdı. O qədər duyğuluyam ki, heç söz də tapa bilmirəm deməyə, ona görə ki, atamızın yurduna gəlmişik, onun evinə girmişik... Düzdür, ev pis vəziyyətdədir, divarlar dağılıb, tavan düşmək üzrədir. Bir tərəfdən, evi belə görmək çox ağırdır, o biri tərəfdən də çox böyük qürurdur. Çünki qələbə qazanan bir xalqın nümayəndəsi kimi bu gün öz torpağıma, öz evimə gəlmişəm. Çox şadam ki, hörmətli Prezidentimiz bu anı bizə bəxş edib. Cənab Prezident Şuşaya səfəri zamanı bu evi məhz mənim təmir edəcəyimi söyləmişdi. Və bu gün mən gəlmişəm. Öncə görüləcək işlərin layihəsi hazırlanacaq və sonra işə başlayacağıq".

P.Bülbüloğlu əlavə edib ki, bu gün Şuşanı seyr edəndə hər şey insana yuxu kimi gəlir: “Bir tərəfdə ağappaq qar, bir tərəfdə də gözəl günəş, açıq səma. Cıdır düzündən ətrafı seyr edəndə sanki bir film izləyirdik. Şükürlər olsun ki, bu günü gördük. Ona görə də bu gün son 30 ildə mənim ömrümdə ən əziz, ən xoşbəxt bir gündür. Fürsətdən istifadə edərək bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirəm. Qazilərimizə, müharibədə iştirak etmiş bütün hərbçilərimizə minnətdaram. Biz həmişə onlara borclu olacağıq. Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlığı yaddan çıxarmayacaq. Eşq olsun bizim ordumuza, eşq olsun Ali Baş Komandanımıza!".