Xəbər verdiyimiz kimi, Heydər Əliyev Sarayı “Tarixi səhnə” adlı layihə həyata keçirir. Layihənin növbəti qonağı Xalq artisti, ustad xanəndə Alim Qasımov olub.

“Tarixi səhnə” layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, səhnəsindən önəmli hadisələr, tədbirlər geniş tamaşaçı kütləsinə çatdırılan Heydər Əliyev Sarayına həsr olunub.

Xalq artisti Alim Qasımov müsahibəsində qeyd edib ki, Heydər Əliyev Sarayında böyük mədəniyyət və incəsənət xadimlərinin çıxışı olub: “Azərbaycan xalqının ən gözəl tədbirləri burada keçirilib və xalq bu tədbirlərdən hər zaman böyük zövq alıb. Bu səhnə tarixi səhnədir. Bu səhnədə çıxış etmək heç də asan deyil. Mən çox şadam ki, mənim də yaradıcılığımın ən yaxşı illərində imtahan verdiyim konsertlər məhz bu Sarayda olub. Mənim üçün bu səhnə çox əzizdir”.

Qeyd edək ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin əsas məqsədi bu tarixi səhnənin Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığında xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrini geniş kütləyə çatdırmaqdır.