Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub.

Bu barədə kitabın redaktoru, Almaniyada yaşayan soydaşımız, yazıçı-publisist Orxan Aras məlumat verib. O bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

“Epubli” nəşriyyatında işıq üzü görən “Yarımçıq əlyazma” (“Das Unvollständige Manuskript”) romanı “Amazon”, “Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satışı saytlarında oxuculara təqdim olunub.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada nəşr edilib.

“Yarımçıq əlyazma” Kamal Abdullanın ilk romanıdır. İlk dəfə 2004-cü ildə işıq üzü görən roman müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi əsərdir. Ötən illərdə “Yarımçıq əlyazma” Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatına (“Skanoprize”) layiq görülüb. Roman tərcümə olunduğu dillərdə uğurlu nəşr həyatı yaşayaraq Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.