Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vasif Cənnətov 1985-ci ildə Gəncə şəhərində anadan olub. Rusiyada Maliyyə və Hüquq İnstitutunu hüquqşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə bitirib.

Əmək fəaliyyətinə 2007-ci ildə hüquqşünas kimi başlayıb. 2011-2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi sistemində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

***

Mədəniyyət nazirinin əmrinə əsasən Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elbəy Əli 1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin fəlsəfə ixtisası üzrə bakalavr, təbiətşünaslığın fəlsəfəsi üzrə magistr pillələrini bitirib, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə “Ədalət” qəzetində başlayıb. 2009-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Qazax alimi Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının Azərbaycan dilinə həmtərcüməçisidir.

***

Nazir Anar Kərimovun digər əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Faiq Elman oğlu Xudanlı təyin olunub.

Faiq Xudanlı 1981-ci ildə Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin fəlsəfə ixtisası üzrə bakalavr, sosial fəlsəfə ixtisası üzrə magistr pillələrini bitirib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. Fəlsəfə üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə başlayıb. 2011-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən, həmçinin BDU-da pedaqoji fəaliyyət göstərib. Bir monoqrafiyanın, elmi məqalələrin müəllifi, bir neçə kitabın tərcüməçisi, redaktoru və tərtibatçısıdır.