Heydər Əliyev Sarayı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim edib.

İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan layihənin məqsədi gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir.

Layihəyə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri qatılıb. Gənc ifaçılar müxtəlif musiqi alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət  kompozisiyaları təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə respublikanın regionlarındakı musiqi məktəbləri şagirdlərinin də cəlb olunması nəzərdə tutulur.

Gənc ifaçıların Heydər Əliyev Sarayının səhnəsində ifaları zamanı çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə nümayiş olunacaq.