Milli Məclisin yaz sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclasında məlumat verilib.

Komitə sədri Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, Vətən müharibəsi zamanı dəfələrlə millət vəkilləri  tərəfindən nüfuzlu beynəlxalq  təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.

İclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz  sessiyasının qanunvericilik işləri planı  müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər çoxdur. İşğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Şuşada bu ilin may-iyun aylarında “Xarı bülbül” festivalının və payız aylarında Vaqif poeziya günlərinin keçirilməsinin planlaşdırılması, həmçinin 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır.

Sonra komitənin iş planı təsdiqlənib.

Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” anlaşma memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.