İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik müvafiq qurumları, bu sahədə fəaliyyət göstərən strukturları müxtəlif sivilizasiya və xalqlara məxsus tarixi-mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlığa çağırıb. O, maddi və qeyri-maddi mədəni irsin mühafizəsini ölkələrin dayanıqlı inkişafının əsas amillərindən biri kimi xarakterizə edib.

Baş direktor müxtəlif xalqlara və dinlərə məxsus olan abidələrin ekspertizası üzrə İCESCO-nun hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin dəstəyi ilə keçirilən “Tarixi yaddaşın qorunub saxlanılması və qarşılıqlı zənginləşmə üçün transmissiyası” mövzusunda videokonfransda çıxış edən Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatlar tarixi abidələrin bərpası üzrə də birgə layihələr həyata keçirə bilər. O, İCESCO-nun nəzdində İslam Dünyası İrsi Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq vurğulayıb ki, komitə İslam ölkələrindəki xristian və yəhudi abidələrinin də qeydə alınmasını həyata keçirir. Yaxın illərdə qədim irs abidələrinin daha geniş siyahısı tərtib ediləcək.

İCESCO-nun Baş direktoru bildirib ki, maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlıq təşkilata üzv ölkələrdə yaşayan və müxtəlif dinlərin mənsubları olan insanların dinc yanaşı yaşaması üçün də mühüm töhfədir.