Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Mərkəzdən verilən məlumata görə, görüşdə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Meksikada və digər Latın Amerikası ölkələrində layihə və tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Dahi şairin ispan dilinə çevrilmiş əsərlərinin ispandilli ölkələrdə nəşri, Nizami yaradıcılığı ilə bağlı Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” saytı vasitəsilə videokonfransların təşkili məsələləri müzakirə edilib.

Səfir deyib: “Dövlət Tərcümə Mərkəzi ilə Meksika səfirliyinin ötən illər ədəbiyyatlararası mübadilələr istiqamətində əməkdaşlığını məhsuldar hesab edirəm. Bu uğurlu işbirliyinin bu il və gələn illərdə də daha geniş və əhatəli şəkildə müxtəlif formatlarda davam etdiriləcəyinə ümid edirəm”.

Görüşün sonunda qonağa Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilində nəşr edilmiş “Seçilmiş əsərləri” kitabı təqdim olunub.