Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltəraşla görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.

Millət vəkili ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli”, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini, Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltəraşlar üçün də bir çağırış – yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

Yaradıcı gəncləri Vətən müharibəsində tarixi Zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Qənirə Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltəraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib. Millət vəkili gənclərə uğurlar arzulayıb.

Gənc rəssam və heykəltəraşlar Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva və Elxan Zeynalov görüşə görə təşəkkürlərini bildiriblər.