Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin zəngin turizm potensialı yaponiyalı  turistlər üçün maraq kəsb edə bilər. Bu fikir Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya Turizm Agentlikləri Assosiasiyasının (JATA) prezidenti Tadaşi Şimura ilə görüşündə səslənib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə olunub.

G.İsmayılzadə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, o cümlədən turizm sahəsində inkişafı barədə məlumat verib. Bildirib ki, pandemiyadan öncə, 2019-cu ildə Azərbaycana xaricdən 2,5 milyon, o cümlədən Yaponiyadan 6 mindən çox turist səfər edib. Bildirilib ki, pandemiyadan sonra bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi hər iki tərəfin marağında olacaq.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsində Azərbaycanın 30 il ərzində işğal olunmuş ərazilərinin azad edildiyini deyən G.İsmayılzadə müasir turizm infrastrukturunun yaradılacağı bu ərazilərdə yapon turistlər üçün maraqlı turların təşkil olunacağını diqqətə çatdırıb.

2016-cı ildə Azərbaycana səfərini xatırladan T.Şimura ölkəmizin böyük turizm potensialına malik olduğunu qeyd edib. JATA prezidenti bildirib ki, assosiasiya tərəfindən ənənəvi olaraq keçirilən “Tourism Expo Japan” beynəlxalq sərgisi 2021-ci il noyabrın 25-28-də Osaka şəhərində təşkil olunacaq və Azərbaycanın sərgidə iştirakı üçün dəvət göndəriləcək. T.Şimura bu il sərginin yerinin dəyişdirilməsinin 2025-ci ildə EXPO-2025-in Osakada təşkilinə hazırlıq məqsədi daşıdığını qeyd edib.