“İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidə və mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik”.

Bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib. Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə, tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlanıb. Ümumilikdə 461 mədəniyyət müəssisəsi, muzey, mədəniyyət evi, kitabxana təftiş olunub. 212 kitabxana, 199 mədəniyyət evi tamamilə dağıdılmış vəziyyətdədir.

“Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, abidələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan götürmək istəyiblər”, – deyə Azad Cəfərli bildirib.