Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Vatikanın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager ilə görüşüb. Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin Vatikana səfərləri xoş təəssüratlarla xatırlanıb. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri yüksək qiymətləndirilib, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açılıb.

Səfir Pol Riçard Qallagerə 2020-ci il Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanın azad edilmiş ərazilərindəki vəziyyət, bu ərazilərin Ermənistanın işğalı altında olduğu dövrdə törədilmiş vandalizm, dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. R.Mustafayev, həmçinin Qarabağın şəhər və kəndlərində 30 illik işğal müddətində törədilmiş vandalizmi əks etdirən fotoşəkilləri və videomaterialları təqdim edib. Azərbaycanın azad edilmiş torpaqlarda infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasına başladığı qeyd edilib.

Müqəddəs Taxt-Tacın balanslı mövqeyinin, Azərbaycan və Ermənistanı sülh, dialoq və əməkdaşlığa çağırışının yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə ölkəmizin Fransadakı səfirliyinin əməkdaşı Mikayıl Ramazanlı da iştirak edib.