2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı teatr-konsert müəssisələrində də müxtəlif layihə və tədbirlər hazırlanır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti bu il yenidən səhnəyə qoyulacaq.

Layihənin təşəbbüsçüsü və rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Opera və Balet Teatrından verilən məlumata görə, hazırda yaradıcı qrup quruluş üzərində işləyir: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Baletin yeni quruluşunun bu ilin yazında tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.