Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən regional idarənin əhatə etdiyi şəhər və rayonlarda Vətən müharibəsində şəhid və qazi olmuş vətəndaşların ailələri ilə  görüşlər keçirilir, onlara diqqət və qayğı göstərilir.

Bərdə rayonundan Vətən müharibəsində iştirak etmiş Təhlə kənd klubunun müdiri Əmiralıyev Vüqar Cəmşid oğlu, şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin direktor köməkçisi Hüseynov Fərid Asif oğlu, şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin kamança müəllimi Çərkəzli Ehtiram Elbrus oğlu, şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin xanəndə müəllimi Əliyev Alim Vüqar oğlu hazırda mədəniyyət sahəsində əmək fəaliyyətlərini davam etdirirlər. Regional idarənin rəhbərliyi və mədəniyyət işçiləri onlarla görüşərək xalqımıza yaşatdıqları Qələbə sevincinə görə təşəkkür edib, hər birinin ailəsinə sovqat payları veriblər. 

Tərtər rayon mədəniyyət işçiləri Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Anar Vaqif oğlu Əliyev, əsgərlər Zəlimxan Rafiq oğlu Həsənov, Tural Aqil oğlu Məhəmmədli, Elgiz İbrahim oğlu Hüseynzadə, Qubad Cəmil oğlu Hacıyev, Şamil Kamil oğlu İsmayıllı və Sənan Səlim oğlu Məmmədlinin, həmçinin döyüşlərdə şücaət göstərərək qazi olan Tərtər rayon Uşaq musiqi məktəbinin müəllimi Elşən Vahid oğlu Əlizadənin ailələri ilə görüşüblər. Şəhidlərin məzarları ziyarət edilib. Ailələrə sovqatlar təqdim olunub.

Tərtər rayon Uşaq musiqi məktəbinin müəllimi Mehman Sovet oğlu Əliyev və məktəbin müəllimi Cəmil Hacıyevin oğlu Qubad Hacıyev Vətən müharibəsində şəhid olublar. Regional idarənin rəisi İlyas Hacıyev və əməkdaşlar hər iki ailəyə baş çəkib. Ailələrə  maddi yardım göstərilib, həmçinin şəhid Mehman Əliyevin ailəsindən bir nəfərin işlə təmin olunması məsələsi həll edilib.

Regional idarə üzrə Yevlax şəhər mədəniyyət işçiləri Vətən müharibəsində iştirak etmiş Nicat Elçin oğlu Aslanlı, Əhməd İqnat oğlu Quliyev, Anar Asif oğlu Eyvazov, Nuru İlham oğlu Məmmədov, Ramil Mirağa oğlu Mirhəsənzadə, Şahin Nazim oğlu Abdullayev ilə görüşüblər. Qazilər keçdikləri döyüş yolundan söhbət açıblar, onlara sovqat payları çatdırılıb.

Mingəçevir şəhər mədəniyyət işçiləri Vətən müharibəsində şəhid olmuş Fuad Şöhrət oğlu Xankişiyev, Emin Firqət oğlu Rüstəmzadə, İlkin Elxan oğlu Ağakişiyev, şəhid qardaşlar Tural Tapdıq oğlu Həsənov və Musa Tapdıq oğlu Həsənovun, qazi Məcid Abdulla oğlu Hacıyevin ailələri ilə görüşüb, onların döyüş və həyat yolundan söhbət açılıb, mədəniyyət işçilərinin sovqat payları ailələrə çatdırılıb.