F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, “UNEC Könüllüləri” Təşkilatı və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin tərəfdaşlığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videokonfrans keçirilib.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən videokonfransa BDU-nun Filologiya fakültəsinin professoru Mətanət Abdullayeva, Kəlbəcər rayon 19 saylı məktəbin direktor müavini, yazıçı-publisist Nofəl Şirinov, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi Hacı Qasımlı, “UNEC Könüllüləri” təşkilatının üzlərii, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin könüllüləri qatılıblar.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Gənclər Gününün tarixi haqqında məlumat verib, ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi də gənclərə diqqətin nümunəsi idi.

Videokonfrans iştirakçıları çıxışlarında Nizami Gəncəvi yaradıcılığında əməksevərlik, gənclik kimi mövzulara toxunublar.

Konfransda 3 saylı “ASAN Xidmət” Mərkəzinin könüllülərinin iştirakı ilə hazırlanmış Nizami Gəncəvi və Gənclər Gününə həsr olunmuş videomateriallar nümayiş olunub, Nizaminin qəzəllər və onlara bəstələnmiş musiqilər səsləndirilib.