Gənclər və İdman Nazirliyi 2020-ci ildə yaradıcılıq fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə mükafatlandırıb. Təltif olunan istedadlı gənclər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, vokal artisti Emin Zeynallı da var.

Öncəki illərdə də teatrın istedadlı gəncləri Gültac Əlili, Əmrah Dadaşov, Aydan Həsənova bu mükafata layiq  görülüblər.

Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzində özünəməxsus səs tembri, aktyorluq məharəti ilə seçilən Emin Zeynallı “Paris Notr-Dama ithaf” (V.Hüqo) tamaşasında yaratdığı ilk obrazı (Qrequar) ilə rəğbət qazanıb.

“O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Cəmilə” (Ç.Aytmatov), “Hicran” (E.Sabitoğlu, S.Rəhman) tamaşalarında da ona həvalə olunan rolların üzərində səylə çalışan gənc aktyor ötən il ərzində teatrın hazırladığı bir çox onlayn layihələrdə də fəal iştirak edib, sosial çarxlara çəkilib.

"Düşünürəm ki, bu mükafat təkcə mənə yox, teatrımızın bütün  gənclərinə verilən dəyərdir. Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra Gənclər Gününü daha böyük qürurla qeyd edirik. Fürsətdən istifadə edib, bizə daim diqqət göstərən teatrımızın rəhbərliyinə, eyni zamanda Mədəniyyət  Nazirliyinə, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra uğurlarım daha çox olsun”, – deyə Emin Zeynallı bildirib.