2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub

Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirildi.

Mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamladı, ötən ilin mədəniyyət mənzərəsinə nəzər saldı. Qeyd etdi ki, 2020-ci ildə bəşəriyyət COVİD-19 pandemiyası ilə üz-üzə qaldı və bundan ən çox mənfi təsir görən sahələrdən biri də mədəniyyət oldu. Ötən ilin fevral ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Roma şəhərində “İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılış mərasiminin keçirildiyini xatırladan nazir əlavə etdi ki, həmin mərasim Azərbaycan musiqiçilərinin ifasında möhtəşəm konsert proqramı ilə də yadda qaldı. Təəssüf ki, mart ayından pandemiya daha şiddətli xarakter aldığından ölkəmizin mədəni tanıtımı ilə bağlı layihələri davam etdirmək mümkün olmadı.

Diqqətə çatdırıldı ki, xüsusi karantin rejimi ilə bağlı mədəniyyət ocaqlarının fəaliyyəti dayandırılsa da, mədəni-kütləvi tədbirlər təxirə salınsa da, müasir texniki imkanlar hesabına, onlayn layihələrlə mədəni proses davam etdi: “Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının birgə həyata keçirdiyi “Evdə qal – evdə yarat” müsabiqəsi xüsusilə diqqəti cəlb etdi. Nazirliyin Yazıçılar Birliyi ilə birgə keçirdiyi koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi, eləcə də “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsi və digər layihələr də ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bu layihələr pandemiya şəraitində insanların asudə vaxtının səmərəli təşkilinə töhfə olmaqla yanaşı, yaradıcı insanlar üçün əlavə stimul oldu”.    

Nazir bildirdi ki, 2020-ci il eyni zamanda Azərbaycanın tarixinə şanlı Qələbə ilə yazıldı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Qarabağ işğaldan azad olundu.

Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyi də səylərini əsirgəməyib. Müharibənin gedişində və ondan sonrakı mərhələdə müxtəlif beynəlxalq təşkilatlara, onlarla ölkəyə Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdiyi vandalizm siyasəti ilə bağlı müraciətlər edilib, bəyanatlar yayılıb. Xalqımıza tarixi Zəfəri yaşadan Ordumuzun bədii sənət vasitəsilə tərənnüm edilməsi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Ordumuz üçün yarat” layihəsi həyata keçirilib.

Ötən ilin Azərbaycanın mədəni irsinin təbliği baxımından əlamətdar olduğunu deyən Anar Kərimov UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 14-18 dekabr tarixində keçirilən 15-ci sessiyasında Nar bayramının (“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”) və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdimatı ilə miniatür sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındığını diqqətə çatdırdı.

Qeyd etdi ki, ötən il xaricdəki mədəni irs nümunələrimizin ölkəmizə qaytarılması istiqamətində də addımlar davam etdirilib, İtaliyanın Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid “Çələbi”, “Quba”  xalçaları və Qarabağ xalça qrupuna aid olan daha bir orijinal xalça Mədəniyyət Nazirliyi tərəfindən alınaraq Vətənə gətirilib.

Bundan əlavə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında 2019-cu ildə imzalanmış Niyyət məktubuna əsasən, sözügedən qurumun dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması layihəsi həyata keçirilir.

Anar Kərimov diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, iş mexanizmində operativliyin təmin edilməsi, idarəçilik metodologiyasının modernləşdirilməsi, tabe müəssisələrin iş prinsiplərinin müasirləşdirilməsi və bütün sistem üzrə koordinasiyanın qurulması məqsədilə “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı” hazırlanıb. Proqramın strateji istiqamətləri mədəniyyət və irsin tədqiqi, qorunması və inkişafı, insan və cəmiyyətin inkişafı, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə qorunması və təbliğini əhatə edir. İslahatların əsas məqsədi nazirlik sistemində hüquqi bazanın təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir infrastrukturun qurulması, insan kapitalının inkişafı, məzmunun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və modellərin qurulmasından ibarətdir. 

Proqram mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan 16 layihədən ibarətdir. Hesabat dövründə bu proqram çərçivəsində “Azərbaycan Respublikasının Mədəniyyət Strategiyası”nın hazırlanmasına başlanılıb, yeni strategiyaya uyğun olaraq restrukturizasiya, nazirliyin insan resurslarının inkişafı sisteminin qurulması və idarə olunması, idarəçilikdə səmərəliliyin yüksəldilməsi, dövlət-özəl tərəfdaşlıq və autsorsinq idarəetmə modellərinin, davranış mədəniyyəti, milli geyim və milli ritm standartlarının hazırlanması, tabelikdə olan bir sıra müəssisələrin funksionallığının artırılması və dövlət büdcəsindən asılılığının aradan qaldırılması məqsədilə publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi və digər istiqamətlər üzrə müvafiq tədbirlər həyata keçirilib.

***

Kollegiya iclasında daha sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış etdi. O, muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında ənənəvi qaydada, aprel-dekabr aylarında isə pandemiya dövrünə uyğun onlayn mədəni tədbirlərin keçirildiyini dedi. Bildirdi ki, ötən il “Yallılar dünəndən bu günə” kitabı işıq üzü görüb, yallılardan ibarət videodisk buraxılıb. Həmçinin nazirlik tərəfindən müxtəlif müsabiqələr, muzeylərdə onlayn ekskursiyalar, gənclər üçün açıq dərs və mühazirələr, eləcə də ənənəvi ekskursiyalar təşkil edilib. İl ərzində muzeylərə 1462 yeni eksponat daxil olub.

***

Sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı haqqında məlumat verdi. Bildirdi ki, tədbirlər planı hazırlanarkən ayrı-ayrı sahələr yox, konkret hədəflər nəzərə alınıb. Planda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, habelə dövlət başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının icrası prioritet təşkil edəcək. Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi, yaradıcı və mədəniyyət sənayelərinin inkişafına diqqət yetiriləcək.

Aparat rəhbəri qeyd etdi ki, ölkə başçısı tərəfindən Şuşa şəhərinin “Azərbaycan mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar açılış mərasimi təşkil ediləcək və Şuşada “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək, bununla bağlı təbliğat-təşviqat işləri aparılacaq, müxtəlif layihələr icra olunacaq.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, iştirakı və dəstəyi ilə müxtəlif layihələr həyata keçiriləcək, dahi Azərbaycan şairinin zəngin irsinin ölkəmizdə və dünyada təbliği diqqət mərkəzində saxlanılacaq.  

Tədbirlər planında həmçinin Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricdə təbliği, infrastruktur layihələri (tikinti və bərpa işləri), eləcə də mədəniyyət müəssisələrinin fəaliyyətinin COVİD-19 pandemiyasının yaratdığı reallıqlara uyğun şəkildə qurulması öz əksini tapıb.

Vasif Eyvazzadə dövlət başçısının 30 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Nəzarəti İnformasiya Sisteminin əhəmiyyətini vurğulayaraq, nazirlik üzrə informasiya-təbliğat proseslərinin də bu sistemin meyarlarına uyğun qurulmasının vacibliyini qeyd etdi.

***

Kollegiya iclasında çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizdə mədəniyyət sahəsinin məhdud şərtlər daxilində qənaətbəxş fəaliyyət göstərdiyini vurğuladı. Vaqif Əliyev onu da diqqətə çatdırdı ki, işğaldan azad edilən ərazilərdə aparılacaq quruculuq işlərində Mədəniyyət Nazirliyi də iştirak edəcək. Buna görə də yenidən qurulacaq mədəni təsisatlarla bağlı təkliflər hazırlanmalıdır: “Dövlət başçısının da qeyd etdiyi kimi, Qarabağda yeni yaşayış məntəqələrinin qurulmasında şəhərsalmanın ən müasir tendensiyalarından istifadə olunacaq. Ona görə də nazirlik olaraq bu istiqamətdə də yeni yanaşmalara əsaslanan təkliflər haqqında düşünməliyik”.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Qarabağda həyata keçiriləcək quruculuq işlərində mədəniyyət infrastrukturunun xüsusi yeri olacağını vurğuladı, bununla bağlı fikirlərini bölüşdü. Nazir müavini həmçinin Bakı şəhərində yaradılacaq Zəfər Muzeyi və Vətən müharibəsi memorial kompleksi ilə əlaqədar hazırlıq işlərinin davam etdirildiyini bildirdi.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirin müşaviri Elnur Əliyev, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Aslan Cəfərov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək tədbirlər planı ilə bağlı təkliflərini səsləndirdilər.

Mədəniyyət Nazirliyinin 2020-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Daha sonra 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı təsdiq edildi.

***

Çıxışlarda səslənən fikir və mülahizələrə münasibətini bildirən nazir Anar Kərimov qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Qarabağın işğaldan azad edilməsi bütövlükdə mədəni həyatımız üçün də yeni səhifə açıb. Erməni vandalizminə məruz qalmış tarixi-mədəni abidələrin bərpası bu il fəaliyyətimizin mühüm istiqamətini təşkil edəcək. Ötən ildən nazirlik tərəfindən “Mədəniyyəti Qarabağa qaytarırıq”, “Biz bərpa edəcəyik”, habelə “Qarabağ – mədəniyyətimizin beşiyi”, “Qarabağnamə” və s. virtual layihələr həyata keçirilir. İşğaldan azad olunmuş rayonlarda dövlət başçısının sərəncamı ilə yaradılmış müvəqqəti komendantlıqlarda Mədəniyyət Nazirliyinin də nümayəndələri yer alıb və işçi qruplar tərəfindən yerlərdəki mədəniyyət abidələrinin monitorinqi aparılır: “Abidələrin qeydiyyatı və təftişi istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, “Qarabağa Böyük Qayıdış” layihəsi diqqətdə saxlanılmalı, Şuşanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Bundan əlavə, xalqımıza şanlı Qələbə sevinci yaşadan şəhidlərin xatirəsi daim əziz tutulmalı, adları əbədiləşdirilməli, onların ailələri və qazilər qayğı ilə əhatə olunmalıdır”.

Nazir həmçinin “Nizami Gəncəvi İli”nə dair müfəssəl tədbirlər planının hazırlanması, bununla bağlı aidiyyəti qurumların təkliflərinin alınması və prosesin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.  

İclasa yekun vuran Anar Kərimov qarşıya qoyulmuş vəzifələrin reallaşmasında hər kəsə uğurlar arzuladı.