Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Tovuz və Ağstafa rayonlarında səfərdə olub.

Dövlət Xidmətinin rəhbəri Tovuz rayonundakı Mədəniyyət evində həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, yenidənqurma işləri yekunlaşmaq üzrədir və qısa zamanda Mədəniyyət evi istismara hazır olacaq.

Həyata keçirilən təmir-bərpa işlərinin yekunlaşması, istismara hazırlıqla bağlı bir sıra vacib məqamlar diqqətə çatdırılıb.

***

Dövlət Xidməti rəisinin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Tovuz rayonunun Yanıqlı kəndindəki Şah Abbas məscidinə baxış keçirib. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış tarixi abidə haqqında məlumat verilib.

***

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə də tanış olub.

Ötən ilin dekabrında rayonun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” qoruğuna çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra arxeoloji tapıntılara rast gəlindiyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 11-14 kilometrliyində arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.

Azad Cəfərli qoruğun gələcək fəaliyyət istiqamətləri, görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.