İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri aparılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağının, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyalarının, köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur.

İlk növbədə uzunluğu 3000 metr və eni 45 metr olan uçuş-enmə zolağının tikintisinə başlanılıb. Yaz mövsümündən etibarən burada 24 saatlıq iş rejiminə keçiləcək və tikinti prosesi sürətləndiriləcək.

Bu ilin sonunadək, üç enmə zolağının və aerodrom hissəsinin tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni hava limanı tikildikdən sonra Bakıdan Füzuliyə təxmini 45 dəqiqəyə təyyarə ilə çatmaq mümkün olacaq.

Etibar Hüseynov bildirib ki, işğaldan azad edilmiş Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanın tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar da aparılır. Sözügedən rayonlardan birində hava limanının tikintisi üçün ərazi bu il aprelin sonunadək müəyyən ediləcək.