Gürcüstanda fevralın 1-dən bütün istiqamətlərdə müntəzəm aviareyslər bərpa edilib.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava hökumətin Dövlət İdarələrarası Koordinasiya Şurasının bugünkü iclasından sonra keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, uçuşlar bütün tibbi-epidemioloji protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək.

Nazir deyib ki, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcək.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti Avropa İttifaqı ölkələri, İsrail və Körfəz ölkələrinin aviaşirkətləri üçün müntəzəm uçuşları bərpa etməyi nəzərdə tutmuşdu. Yeni qərarla bütün istiqamətlər üzrə aviareyslərə icazə verilib.