Sumqayıt Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən mədəniyyət işçiləri ilə görüş keçirilib. Qazilər keçdikləri döyüş yolundan bəhs ediblər. Sonda onlara MİHİ Sumqayıt şəhər komitəsi tərəfindən hədiyyələr təqdim edilib.

2 fevral – Gənclər Günü münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev tabe müəssisələrdə çalışan bir qrup gənc əməkdaşla onlayn formatda görüş keçirib. Görüş iştirakçılarını təbrik edən idarə rəisi dövlətimiz tərəfindən gənclərə və xüsusilə yaradıcı gənclərə göstərilən qayğıdan söz açıb.

Gənclər Günü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin qaziləri, fəal gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Sonda 2020-ci ildə “Könüllülər ili” ərzində şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

***

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri, Vətən müharibəsinin qazisi Turan Musayevlə görüşüb. Görüşdə Turan Musayev özünün və səngər yoldaşlarının keçdikləri döyüş yolundan danışıb.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Uşaq incəsənət məktəbinin müəllimi Səbuhi Məmmədov Vətən müharibəsində əbədiyyətə qovuşmuş şəkili şəhidlərin silsilə portretləri üzərində işləyir. Rəssam şəhid  Vasif Həmidovun portretini də yaradıb.

Vasif Həmidov 1987-ci ilin iyununda Şəki şəhərində anadan olub. 3 saylı Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2006-cı ildə hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılıb. Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib, ağır yaralanıb. Oktyabrın 26-da şəhidlik zirvəsinə ucalıb.

Eldar Rəcəbov portreti şəhidin ailəsinə təqdim edib. Rəssam bu silsilədən yaradıcılıq işlərini davam etdirməyi düşünür.

Şəki şəhər 3 nömrəli Musiqi məktəbi, Balakən rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzi, Zaqatala rayon MKS və Heydər Əliyev Mərkəzində Gənclər Günü ilə bağlı videokonfranslar təşkil olunub.

***

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə Vətən müharibəsində könüllü iştirak etmiş Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Seymur Seyfullayevlə görüş keçirilib. O, keçdiyi döyüş yolundan danışaraq ona göstərilən qayğıya görə minnətdarlığını bildirib. S.Seyfullayevə Ağdaş Regional Mədəniyyət İdarəsi və MİHİ Göyçay rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim edilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzi, MKS-nin kənd kitabxana filialları, Samux rayon Heydər Əliyev Mərkəzi və Goranboy rayon Mərkəzi kitabxanası Gənclər Günü ilə bağlı videokonfranslar keçiriblər.

Azərbaycan Milli Kitabxanası Elmi tədqiqat və metodik təminat şöbəsinin təşəbbüsü və Gəncə şəhər MKS-nin təşkilatçılığı ilə bölgələrimizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarının da iştirak etdiyi “Pandemiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Bəşir Kərimovun (1976-1995) 45 illiyi ilə əlaqədar “Nəsillərə yadigar əfsanəvi qəhrəman” başlığı altında onlayn söhbət keçirib.

Goranboy rayon Dövlət Rəsm Qalereyasında Gənclər Gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib.

Tədbirdə mədəniyyət işçiləri və Goranboy Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tarix-diyarşünaslıq muzeyləri və muzey tipli müəssisələrin birgə təşkilatçılığı ilə “Gənclərin cəmiyyətdə rolu” mövzusunda onlayn tədbir keçirilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı və mərkəzin filialı olan Balçılı kənd Folklor evi Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 90 illiyinə həsr olunmuş videoçarxlar ərsəyə gətiriblər.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində Gənclər Günü münasibətilə bir qrup gənc mədəniyyət işçisi ilə görüş keçirilib. İdarənin rəisi Əhməd Ramazanov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Daha sonra Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fəallığa görə bir qrup gənc mükafatlandırılıb.

***

Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl və Gədəbəy rayon Heydər Əliyev mərkəzlərində Gənclər Günü münasibətilə tədbirlər keçirilib. Gənclərin ölkə həyatında rolundan, dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirib. İdarənin rəisi görüş zamanı şəhid adının müqəddəs və uca olduğunu, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında və tariximizdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərin adlarının əbədiləşdirilməsi və onların şanlı döyüş yollarının təbliği istiqamətində tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.

İdarənin tabeliyindəki Xocavənd rayon Mədəniyyət evinin işçiləri Vətən müharibəsində şəhid olmuş Şirxan Quliyevin ailəsini ziyarət ediblər. Şirxan Quliyev 7 noyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub. Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, &dquo;Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurəddin MƏMMƏDLİ