2020-ci ilin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlər və qəhrəman qazilər göstərdikləri rəşadət nümunəsi ilə indiki və gələcək nəsillər üçün şanlı tarix yazdılar.

Azərbaycan İstiqlal Muzeyinin təşkil etdiyi “Zəfər qəhrəmanları” adlı onlayn tədbirdə haqq savaşımızın qəhrəmanları haqqında söhbət açılıb.

Tədbirdə şəhidlərin ailə üzvləri, qazilər, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının əməkdaşları, Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatının, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak ediblər.

İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova, Vətən müharibəsi qaziləri Fərahim Əmirli, Ervin Cavadov, Cavid Nuri, şəhid bacıları Aidə Kərimova və Həlimxanım Heybətova, Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatının sədri Ceyran Səttarova, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqa çıxış edənlər şanlı Ordumuzun tarixi zəfərindən danışaraq bu yolda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Onlayn tədbirdə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri  bədii kompozisiya ilə çıxış ediblər.