Dekorativ-tətbiqi sənət nümunələrimiz Rusiya Etnoqrafiya Muzeyində sərgilənəcək

Sankt-Peterburqda yerləşən Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq.

Fevralın 19-dan mayın 5-dək davam edəcək “Taleyin saplarını xalçaya toxuyarkən... Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələri Rusiya Etnoqrafiya Muzeyində” adlı sərgi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə hazırlanır.

Ekspozisiyaya Rusiya muzeyində saxlanılan xalçalar və tətbiqi sənət nümunələri daxil ediləcək. Sərginin açılış mərasimində iki muzeyin əməkdaşlığının nəticəsi olaraq hazırlanmış “Taleyin saplarını xalçaya toxuyarkən” adlı kataloqun təqdimatı da keçiriləcək.

Sərginin ziyarətçiləri Azərbaycan sənətkarlarının əl işi olan 40-dan çox nadir xalça və xalça məmulatı, tətbiqi sənət nümunələri ilə tanış olacaqlar. Ekspozisiyaya daxil edilən xalçaların əksəriyyəti XIX əsrin sonları - XX əsrin əvvəllərində toxunub. Ən qədim xalça isə XVIII əsrə aid “Suraxanı” xalçasıdır.

Xatırladaq ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın  icrası ilə bağlı nəzərdə tutulan sözügedən layihə ötən il reallaşmalı idi. Sərgi 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində açılmalı idi. Azərbaycanın “Fəxri qonaq ölkə” statusunda dəvət aldığı forum pandemiya səbəbindən təxirə salındı.

Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyi 1902-ci ildə yaradılıb. Muzeyin kolleksiyasında Azərbaycana aid çoxsaylı etnoqrafik material qorunub saxlanılır. Birgə layihə çərçivəsində bu muzeydə qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinin elmi araşdırılması da nəzərdə tutulub.