İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Haqları Komissiyası “Dünya dinlərarası harmoniya həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəyini bildirib və beynəlxalq ictimaiyyəti müxtəlif dinlər, mədəniyyətlər və etnik qruplardan olan insanlara mənfi təsir göstərən COVİD-19 pandemiyasının nəticələrini birgə səylərlə aradan qaldırmağa çağırıb.

Komissiyanın bununla bağlı müraciətində deyilir: “Dünyanın müxtəlif ölkələrinin fərqli yollar və resurslarla mübarizə apardığı pandemiyanın qarşısı hər kəsin sağlamlığını təmin etmədən alına bilməz. Aydın görünür ki, epidemiyanın tamamilə yox edilməsi yalnız qlobal səylərlə mümkündür. İƏT bu məsələdə dini dözümlülük və ayrı-seçkiliyin olmasından narahatlığını ifadə edir, dünya ölkələrinə xatırladır ki, ağır pandemiya şəraitində də dövlətlər insan hüquqlarına, o cümlədən etiqad azadlığına hörmət etməlidir”.

Müraciətdə vurğulanır ki, virusa yoluxmuş insanların müalicəsi və peyvəndlərin təmin edilməsində dini azlıqların hüquqları pozulmamalı, onların da sağlamlıq hüququ qorunmalıdır. Eyni zamanda COVİD-19 pandemiyası dinlər arasında qlobal sülhə nail olmaq üçün birlik və harmoniya üçün fürsət ola bilər. Bu məsələdə dini liderlərin üzərinə mühüm vəzifələr düşür. Məhz onlar cəmiyyəti pandemiyaya qarşı mübarizəyə səfərbər edə, müxtəlif dinlərin mənsubları arasında körpü rolunu oynaya bilərlər.

Müraciətin sonunda qeyd edilir ki, İslam dini etiqadı, irqi və dərisinin rəngindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara malik olmasını təbliğ edir. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə bütün beynəlxalq və regional təşəbbüsləri dəstəkləyir.