Azərbaycan nümayəndəsi Ermənistanın qurumu siyasiləşdirmək cəhdinə etirazını bildirib

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 14-cü sessiyası başa çatıb. Azərbaycanın sədr müavini olduğu sessiya fevralın 1-dən 6-dək davam edib. Sessiyada Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Sessiya çərçivəsində kreativ sənayeyə dair 18 bənd üzrə müzakirələr aparılıb və onlara uyğun müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı ölkəmiz adından layihələrlə bağlı irəli sürülən təkliflər təqdir olunaraq qəbul edilib.

Konvensiyanın yerinə yetirilməsi barədə milli hesabatlarla bağlı dinləmələrdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək Ermənistanın 2020-ci il hesabatına iradlarını bildirib və ermənilərin növbəti təxribatçı cəhdinə etiraz edib. Diqqətə çatdırıb ki, Ermənistan tərəfdən Azərbaycanın Qarabağ regionuna istinad edilərək, uydurma marionet rejimin adının hallandırılması bu ölkənin 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli sülh bəyanatına ziddir. Ermənistan tərəfi bununla Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa, Azərbaycan xalqının hüquqlarını və qanuni mənafelərini təhdid etməyə cəhd göstərir.

UNESCO-nun siyasiləşdirilməsinin yolverilməzliyini xüsusi qeyd edən E.Abdullayev bu regionun adının Qarabağ olduğunu və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını, 44 günlük müharibədən sonra Azərbaycanın ərazilərini 30 illik işğaldan azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. O vurğulayıb ki, Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa gələcəkdə bütöv regionun mədəniyyət paytaxtı olacaq. Daimi nümayəndə bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərdə artıq quruculuq işləri başlanıb.

Hökumətlərarası Komitənin növbəti, 15-ci sessiyasının 2022-ci il fevralın 8-dən 11-dək keçirilməsi qərara alınıb.