Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin fevralın 2-də imzaladığı sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gənc 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Gənclər üçün Prezident mükafatı dövlət başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə təsis edilib. Fərmana əsasən, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat, incəsənət, eləcə də təhsil, ictimai fəaliyyət və digər sahələrdə nailiyyətlərini təşviq etmək məqsədilə təsis edilən Prezident mükafatı ildə bir dəfə verilir və məbləği 10 min manatdır.

Ötən illərdə olduğu kimi, bu il də yüksək mükafata layiq görülmüş gənclərimizi oxuculara tanıtmaq istərdik.

Əvvəlcə incəsənət və ədəbiyyat sahəsi üzrə laureatları tanıyaq.

İstedadlı vokalçı Atəş İbrahim oğlu Qarayev 1993-cü ildə Bakıda anadan olub. Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbində və paytaxtda fəaliyyət göstərən Şuşa Musiqi Kollecində təhsil alıb. 2014-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı solisti olub. 2015-ci ildə Sankt-Peterburqda keçirilən opera ifaçılarının 7-ci beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görülüb. 2017-ci ildə Musiqili Teatr tərəfindən “Mövsümün debütü” diplomu ilə təltif olunub. 2018-ci ildə Moskvada Yelena Obraztsova Fondu tərəfindən təşkil olunan “Xose Karreras Qran-pri” tenorlar müsabiqəsində finala yüksəlib. 2019-cu ildə Rusiya “Bolşoy Teatr”ının gənclər truppasının solisti olub.

Atəş Qarayev 2020-ci ildə xalqımıza şanlı Qələbə sevinci yaşadan Vətən müharibəsində könüllü olaraq iştirak edib.

Yazar, ədəbiyyatşünas Ramil Bayram oğlu Əhmədov 1994-cü ildə Bərdədə anadan olub. 2011-ci ildə Şuşa rayon 2 saylı orta məktəbini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Sonra Türkiyədə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin magistr pilləsində təhsil alıb. 2018-ci ildə İstanbul Universitetinin yeni türk ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub.

Bədii yaradıcılıqla da məşğul olan Ramil Əhmədov Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan (2013-2015) “Gənc ədiblər məktəbi”nin məzunudur. 2015-ci ildə “Zaman tuneli” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə də nəşr olunub. 2018-ci ildə “İki şəhərin yazıları” adlı esselər kitabı çapdan çıxıb. Gənc yazar həmçinin ötən il Mədəniyyət Nazirliyinin Vətən müharibəsi zamanı elan etdiyi vətənpərvərlik mövzusunda ədəbi yaradıcılıq müsabiqəsində qalib olub. 2013-cü ildə gənc şair və yazıçılar üçün Prezident təqaüdünə layiq görülüb, 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib.

***

Bu il elm sahəsi üzrə mükafata biologiya üzrə fəlsəfə doktoru Səmra Tahir qızı Mirzəyeva layiq görülüb. O, 1991-ci ildə Bakıda doğulub. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsini, 2012–2014-cü illərdə BDU-nun bitki fiziologiyası üzrə magistr pilləsini bitirib.

Səmra Mirzəyeva 2014–2018-ci illərdə AMEA Botanika İnstitutunda molekulyar biologiya üzrə doktorantura təhsili alıb. Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi işçi kimi çalışır. 2018-ci ildə AMEA Rəyasət Heyətinin və Həmkarlar İttifaqı Konfederasiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə keçirdiyi müsabiqədə III yerə, 2019-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə mükafata layiq görülüb.

***

Təhsil sahəsi üzrə Prezident mükafatına Naxçıvan Dövlət Universiteti (NDU) Memarlıq kafedrasının müəllimi İsmayıl Cəfər oğlu İsmayıllı layiq görülüb. O, 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2016-cı ildə NDU-nu memarlıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016–2017-ci illərdə NDU-da metodist işləyib. 2017-ci ildən Memarlıq kafedrasının müəllimidir.

İsmayıl İsmayıllı 2019-cu ildə keçirilmiş Yaradıcı gənclər festivalında memarlıq üzrə qalib olub. 2014–2018-ci illərdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Rəssamlar Birliyinin keçirdiyi yaradıcılıq sərgi-müsabiqələrində I, II yerlərə layiq görülüb.

***

Gənclər siyasəti və gənclərlə iş üzrə mükafat alanlardan Orucəli Saleh oğlu Abbaszadə 1998-ci ildə Lənkəranda anadan olub. 2015–2019-cu illərdə  Lənkəran Dövlət Universitetinin Dünya iqtisadiyyatı fakültəsində təhsil alıb. 2015-ci ildən Azərbaycan Skautlar Assosiasiyasının Lənkəran rayonu üzrə müvəkkilidir.  2019-cu ildə Gənclər Fondunun qrant müsabiqəsində qalib olmuş “Skautlar intellektə doğru” layihəsinin rəhbəridir.

Orucəli Abbaszadə 44 günlük Vətən müharibəsində iştirak edib. Şuşa uğrunda döyüşdə yaralanıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Pərvin Alim oğlu Qasımov 1994-cü ildə Gəncədə doğulub. 2011–2015-ci illərdə Azərbaycan Texnologiya Universitetində turizm və hotelçilik, 2016–2018-ci illərdə isə Azərbaycan Turizm və Menecment Universitetində hotelçilik ixtisası üzrə təhsil alıb. 2020-ci ildən Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlar üzrə koordinatoru vəzifəsində çalışır.

Pərvin Qasımov 2018–2020-ci illərdə Qaradağ Gənclər evinin direktoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında proqram koordinatoru, 2016–2017-ci illərdə BMT-nin Əhali Fondunda layihə meneceri, 2012–2015-ci illərdə “Odlar Yurdu” İctimai Birliyinin PR və mətbuat mərkəzinin rəhbəri, könüllülər üzrə koordinatoru və baş katibi vəzifələrində çalışıb. Vətən müharibəsində iştirak edib, iki dəfə yaralanıb.

***

İndi isə ictimai və sosialyönümlü fəaliyyət üzrə mükafatçılardan Nərgiz Cövdət qızı Abdulova 1998-ci ildə Bakıda dünyaya göz açıb. Turizm Kollecini kompüter operatorluğu ixtisası üzrə bitirib. 2017–2019-cu illərdə “ASAN Xidmət”, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü kimi fəaliyyət göstərib. 

2019-cu ildə Gənclər Fondu tərəfindən elan edilən müsabiqədə “Səssizliyin səsi olaq!” layihəsi ilə qalib olub. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Dövlət himnimizi ilk dəfə olaraq işarət dilində tərcümə olunmasında yaxından iştirak edib.

Nəcəf Bilal oğlu Qənbərov 1992-ci ildə Cəlilabadda doğulub. 2010–2015-ci illərdə Türkiyənin Erciyes Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2015–2016-ci illərdə qardaş ölkənin Beykent Universitetində insan resurslarının idarə edilməsi üzrə magistr pilləsində təhsil alıb. 2018-ci ildən Türkiyədə Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədridir. Azərbaycan həqiqətlərinin, irsinin təbliği istiqamətində 22 layihə həyata keçirib.

***

İnnovasiya və sahibkarlıq üzrə də iki gəncimiz mükafata layiq görülüb. Zəhra İsa qızı Qasımzadə 2002-ci ildə Sumqayıtda anadan olub. 2020-ci ildən Türkiyənin Özyeğin Universitetinin Biznesin idarə edilməsi fakültəsində təhsil alır. Simsiz texnologiya üzərində qurulmuş, özü-özünü enerji ilə təmin edə bilən məhsul təklif edən “Click energy” layihəsinin müəllifidir. Layihə kompüterdən istifadə zamanı klaviatura düymələrinə basıldığı zaman enerji alınmasını təklif edir. Bu layihə “Climate Launch Pad”ın region üzrə 2020-ci ildə 1-ci yerin qalibi və həmin il Amsterdamda (Niderland) keçirilmiş “Climate Launch Pad”ın dünya üzrə finalçısı olub. “GENİUS” Olimpiadasında biznes kateqoriyası üzrə finala vəsiqə qazanıb və mükafata layiq görülüb. Reyhan Camalova ilə birgə yağış suyundan enerji alınmasını nəzərdə tutan “Rainergy” qurğusunu ixtira edib.

Fərid Bayram oğlu Pərdəşünas 1994-cü ildə Bakıda  doğulub. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2016-cı ildə “Technote” media agentliyinin əsasını qoyub. O, həmçinin innovativ avtomatlaşdırılmış həllər təklif edən və çat bot sistemləri təkmilləşdirən “Hot bots” şirkətini yaradıb.

Fərid 2020-ci ilin iyul döyüşlərində və Azərbaycanın Vətən müharibəsində arxa cəbhədə könüllü kimi fəaliyyət göstərib. “Facebook”da Azərbaycan xəritəsi ilə bağlı təhrifləri aradan qaldırıb, eyni zamanda bir çox təxribat xarakterli paylaşımlar edən qlobal brendlərin xəbər və məlumatlarının silinməsinə nail olub.

Bütün mükafatçıları təbrik edir, onlara fəaliyyət göstərdikləri sahələrdə yeni uğurlar arzulayırıq.

Lalə AZƏRİ