“Müsəlman xalqlarının mədəniyyət günləri” layihəsi çərçivəsində Minsk Cümə məscidində “Azərbaycanla tanışlıq” adlı tədbir keçirilib. Tədbir “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi və Belarus Respublikasının Müsəlman Dini Birliyi tərəfindən birgə təşkil olunub.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov tədbirin fəxri qonağı olub. Görüşdə Türkiyə və Rusiyanın Belarusdakı səfirliklərinin nümayəndələri, diaspor və ictimaiyyət təmsilçiləri də iştirak ediblər.

Belarus Respublikasının Müsəlman Dini Birliyinin müftisi Əbu-Bəkir Şabanoviç iştirakçıları salamlayıb. “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov ölkəmiz haqqında, 30 il işğal altında olmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə danışıb.

Tədbirin aparıcısı – Azərbaycan İcmaları Konqresinin gənclər təşkilatının sədri Olesya Kosoykina görüşün təşkilinə və tədbirdə fəal iştirak etdiklərinə görə azərbaycanlı gənclərə minnətdarlığını bildirib.

Gənclər Süzanna Ağayeva, Səlimə Kamilova, Aysel-Anastasiya Ağalarova, Mariya İsmayılzadə və Tatyana Pilyutik  Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyiblər. Şanda Ağayeva və Hümbət Süleymanov Azərbaycan milli geyimlərini təqdim ediblər. Azərbaycan haqqında videofilm nümayiş olunub. Sonra məsciddəki muzeyə ekskursiya keçirilib. Tədbirin sonunda qonaqlar Azərbaycanın milli mətbəxinin təamlarından dadıblar.