Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib.

Bu barədə müvafiq qanun fevralın 11-də Türkiyənin “Resmi Gazete”sində dərc olunaraq qüvvəyə minib (https://www.resmigazete.gov.tr/eskiler/2021/02/20210211-1.htm).

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprel tarixində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası zamanı imzalanıb. Sənədi iki ölkənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Elmar Məmmədyarov imzalayıblar. 

Saziş Azərbaycan tərəfdən elə həmin il təsdiqlənib. Prezident İlham Əliyev 1 oktyabr 2018-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib (http://www.e-qanun.az/framework/40360).

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyəti ilə, 1994-cü il 9 fevral tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Protokol”a və xüsusilə də həmin Protokolun 5-ci maddəsinə istinad edilək bağlanan saziş 23 maddədən ibarətdir.

Sazişin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan tərəfinin Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərir. Türkiyə tərəfinin “Yunus Emre Türk Mədəniyyət Mərkəzi” adını daşıyacaq Mədəniyyət Mərkəzi isə baş ofisi Ankara şəhərində yerləşən və Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq fond statusuna malik olan “Yunus Əmrə Fondu” (“Yunus Emre Vakfı”) tərəfindən təsis olunaraq Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nəzarəti altında fəaliyyət göstərir.

Mehparə SULTANOVA
Ankara