Bərpaolunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpaolunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur. Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm.

Prezident İlham Əliyev bu sözləri fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan edib. “Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik.

Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”lərin yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik”, – deyə İlham Əliyev bildirib.