Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.

Agentlikdən verilən xəbərə görə, Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmir yolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xətlərinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 1500 hektardan çox ərazi yoxlanılıb, 9 minə yaxın piyada və tank əleyhinə minalar, 6500-dən çox PHS aşkar olunaraq zərərsizləşdirilib.

Agentlikdən bir daha bildiriblər ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.