Fevralın 14-ü Azərbaycanda televiziyanın yarandığı gündür. Azərbaycan Televiziyası (Bakı studiyası) 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

Həmin vaxt televiziya qülləsinin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı.

İlk veriliş günü ekranda sonradan teatr və kino aktrisası kimi məşhurlaşacaq Nəcibə Məlikova göründü. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan N.Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi.

1957-ci ildən televerilişlər həftədə 5 dəfə 2 saat 20 dəqiqə həcmində yayımlanırdısa, 10 il sonra bu, 7 saata çatdırılıb. 1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız 24 saat yayımlanmağa başlayıb.

1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllə vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 310 metr hündürlüyündə yeni televiziya qülləsi 1996-cı ildə istifadəyə verildi.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.

1956-cı ilin sentyabrınadək Bakı studiyası 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə “Sovet Azərbaycanı”, “Elm və texnika”, “Xarici xronika”, “Pioner” adlı kinojurnallara baxa bilirdilər.

1960-cı il dekabrın 31-də ilk dəfə “Sizinlə birlikdə” Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saat davam edən proqramın aparıcısı Xalq artisti Möhsün Sənani idi.

70-ci illərin sonunda ekranda “İnsan və qanun”, “Ədəbiyyat və zaman”, “Hünər”, “Tələbə klubu”, “Sağlamlıq”, “İncəsənət”, “Hekayə axşamı”, “Yumoristik novellalar”, “Necəsən, gənc dost?”, “Yeddinci qitə”, “Məktəblilərin rəqs salonu”, “Kamillik” kimi maraqla izlənən verilişlər vardı. 80-ci illərdə Azərbaycan Televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında “Sizin istəyinizlə”, “Arzular”, “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Dalğa”, “Açıq-aşkar”, “Aktual söhbət” kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət doğurmuşdu.

Müstəqillik dövrü Dövlət Televiziyasının fəaliyyətində yeni mərhələ olmaqla yanaşı, ölkə və regional miqyaslı yeni telekanalların yaranması ilə də əlamətdar oldu. Bu gün 14 fevral tarixi, əslində, onların hamısının peşə bayramıdır. Bu münasibətlə bütüm televiziya işçilərini təbrik edirik.