Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması ölkəmizə gələn türkiyəli turistlərin sayına xeyli təsir edəcək. Ölkələrimiz arasında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu barədə fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib. Bakıda keçirilməsi planlaşdırılan iclas pandemiya səbəbindən videokonfrans formatında gerçəkləşib.

Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və onun getdikcə artması üçün qarşılıqlı addımlar atılmalıdır.

Onlayn iclasda çıxış edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan bu addımlar sırasında məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb. O diqqətə çatdırıb ki, pandemiyadan öncəki 2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turist gəlib.

Türkiyənin Bakıdakı Səfirliyində Mədəniyyət və turizm müşavirliyinin fəaliyyət göstərdiyini deyən N.Alpaslan bildirib ki, Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə belə bir nümayəndəliyinin açılması çox önəmlidir.

İclasda 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib. Həmçinin turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, milli turizm məhsullarının qarşılıqlı tanıtımı istiqamətində fəaliyyət imkanları, iki ölkənin turizm təşkilatları və assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələləri nəzərdən keçirilib.