UNESCO-nun Almatı klaster bürosunun təşəbbüsü ilə Orta Asiya və Cənubi Qafqazda muzey işçilərinin potensialının artırılması, onların peşə fəaliyyətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vebinar keçirilib.

“Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi” mövzusunda onlayn seminarda Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova əsas məruzəçi kimi geniş təqdimatla çıxış edib.

Müasir muzeylərin qarşısında duran bu cür aktual məsələ ilə bağlı məhz Azərbaycan Milli Xalça Muzeyi öz qabaqcıl təcrübəsini bölüşüb. Ş.Məlikova vurğulayıb ki, son illər fövqəladə hallar, döyüş əməliyyatları səbəbindən bir çox dünya muzeylərində yaranmış vəziyyət muzey işinin ən vacib sahəsi kimi bu problemə ciddi yanaşmağın vacibliyini göstərir. O, Qarabağdakı hərbi münaqişə şəraitində muzey işinin təşkili və qiymətli muzey əşyalarının təcili evakuasiyası ilə bağlı vacib məqamları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, İCOM Azərbaycan Milli Komitəsi 2020-ci ildə UNESCO-nun müvafiq beynəlxalq sənədləri əsasında ölkəmizdə fəaliyyət göstərən muzeylər üçün qiymətli əşyaların təxliyəsinə dair təlimat hazırlayıb. ICOM Azərbaycan Milli Komitəsinin həm paytaxtda, həm də bölgələrdə çalışan muzey əməkdaşları ilə Azərbaycan Milli Xalça Muzeyinin bu sahədə qabaqcıl təcrübəsi bölüşülüb, təlimlər, seminarlar keçirilib. Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlər götürüldükdən sonra bu istiqamətdə işlərin davam etdiriləcək, Ermənistanla həmsərhəd regionlarda, həmçinin təbii fəlakətin baş vermə ehtimalı yüksək olan ərazilərdə yerləşən muzeylərə xüsusi diqqət yetiriləcək.

Ş.Məlikova muzey kolleksiyasının rəqəmsallaşdırılmasının, onların respublika, dünya və s. əhəmiyyətinə görə çeşidlənməsinin, bütün ekspozisiyaların, fondların xüsusi xəritələrinin tərtib edilməsinin əhəmiyyətindən də danışıb. Sonda iştirakçıların suallarını cavablandırılıb.

Onlayn seminara Mərkəzi Asiya və Cənubi Qafqazda fəaliyyət göstərən muzeylərin əməkdaşları, səlahiyyətli dövlət qurumlarının, tədqiqat təşkilatlarının, QHT-lərin ümayəndələri qatılıblar.