Türkiyənin İğdır şəhərində “İrəvan rəsm sərgisi və tanıtma günləri”nə hazırlıq görülür. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib ki, tədbir yerli qeyri-hökumət təşkilatları ilə birgə təşkil olunub.

Bu münasibətlə keçirilən mərasimdə araşdırmaçı-yazıçı Coşkun Oluz, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, tarix tədqiqatçısı Ziya Zakir Acar və başqaları çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, tədbirin məqsədi İrəvan şəhəri daxil olmaqla, bölgə tarixi, mədəniyyəti, qədim ənənələri və dəyərlərini yaşatmaqdır. Hazırda İğdır daxil olmaqla, Türkiyənin şərq bölgələrində vaxtilə indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış, doğma yurd yerlərini tərk edərək qardaş ölkəyə pənah aparmış azərbaycanlılar yaşayır. Onlar mədəni irsimizi qorumaqla gənc nəslə çatdırmağı özlərinə mənəvi borc bilirlər.