Mədəniyyət Nazirliyinin “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində videotəqdimatlar davam edir. Növbəti təqdimat Gəncə şəhərindəki Aleksandr Nevski pravoslav kilsəsi haqqındadır.

Kilsə 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Bina Bizans memarlıq üslubunda kərpicdən tikilib. Sovet hökumətinin qərarı ilə digər dini məbədlər kimi Gəncədəki Aleksandr Nevski pravoslav kilsəsi də 1931-ci ildə bağlanıb.

1935-1938-ci illərdə muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya köçürülüb və kilsə binası anbar kimi istifadə olunub. 1946-cı ildə məbəd Rus pravoslav kilsəsinin yeparxiyasına qaytarılıb.

Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri olan bu məbədin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Onların  arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena ikonalarını  xüsusilə qeyd etmək olar.

2017-ci ildə Aleksandr Nevski kilsəsi tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.