Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalçaçılıq və dekorativ-tətbiqi sənət incilərini təqdim edir

Azərbaycan Milli Xalça Muzeyi milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan xalça sənətinin həm ölkəmizdə, həm də xarici dövlətlərdə təbliği işini uğurla həyata keçirir.

Muzeyin beynəlxalq səviyyədə əsas fəaliyyət istiqamətini isə dünya muzeylərində saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi cəhətdən sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin xalçaların kataloqlaşdırılması və sərgilərin keçirilməsi təşkil edir.

Bu sahədə əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən silsilə şəklində həyata keçirilir.

Belə önəmli layihələrdən biri də fevralın 18-də Rusiya Etnoqrafiya Muzeyində açılış mərasimi keçirilən, yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidir.

Qeyd edək ki, Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında Azərbaycana aid zəngin xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri var. Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə bu nümunələr üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi sərgi ilə eyniadlı kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində həmin kataloq da təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz “Suraxanı” xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basmanaxış, mis üzərində döymə və qadın geyim nümunələri də təqdim olunur.

Açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Sankt-Peterburq Hökuməti Xarici əlaqələr, Millətlərarası münasibətlər və miqrasiya siyasətinin icrası və Mədəniyyət komitələrinin rəsmiləri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbər və təmsilçiləri iştirak ediblər.

Rusiya ilə Azərbaycanın ortaq mədəni irsinin zənginliyini və əhəmiyyətini əks etdirən bu layihə iki ölkə arasında dialoq və humanitar əməkdaşlığın inkişafı, muzey kolleksiyalarının qorunması, öyrənilməsi və kütləvi təqdimatı sahəsində uğurlu qarşılıqlı fəaliyyət nümunəsi hesab edilə bilər.

Rusiya Etnoqrafiya Muzeyində “Tale ipini xalçaya toxuyaraq... “ adlı sərgi 18 may 2021-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.